Qarabağ Azərbaycandır
30-04-2022, 21:33
5 439

Qarabağ Azərbaycandır

Q - Qalın meşələri, buz kimi bulaqları, təmiz havası, sərt qayaları, vüqarlı dağları olan yurdum.
    A - Azıx mağazası, Cıdır düzü, İsti suyu, Topxana meşəsi, Cəbrayıl bölgəsində 11 və 15 aşırımlı Xudafərin körpüsü, tarixi abidələri və s. Ilə dünyada məşhur olan Vətənim.
    R - Ətirli güllərin rayihəsi ilə seçilən, xarı bülbülün məskəni, təbii dərman bitkiləri ilə zəngin torpağım.
    A - Anam Azərbaycanın görən gözü, döyünən ürəyi, çağlayan şaqraq səsi, nəfəsi, məğrur duruşlu, obam.
    B - İnsanları bir - birinə arxa - dayaq, mərd, qoçaq, torpağa bağlı, zəhmətkeş, yumruq kimi bir olan elim.
    A - And yerimiz, qibləgahımız, keçmişimiz, bu günümüz, sabahımız, yurd yerimiz.
    Ğ - Məğrur duruşlu, yalçın qayaları olan, hər daşında bir sirr yatan, təbiətin sehri, möcüzəsi olan, maddi və mənəvi sərvətləri ilə seçilən Qarabağ!
     Qarabağ Azərbaycanın ayrılmaz, bölünməz can parçasıdır. Qarabağ Azərbaycanın görən gözüdür. Ürəyimiz, qəlbimiz hər zaman Qarabağla döyünür.
    Azərbaycanın ən qədim, füsunkar, gözəl guşələrindən biri də Qarabağdır. Qarabağ həm də mədəniyyət ocağı, musiqi beşiyi. Gözəlliklər diyarıdır. Zəngin mədəni və mənəvi bir irsə malik olan Qarabağ həmişə öz adət - ənənələrini qoruyub saxlamışdır. Bu torpaqda böyüyüb yaşayan bir çox görkəmli adamlar dünya səviyyəsində tanınmışlar. Məşhur şairlərin, yazıçıların, xanəndələrin, bəstəkarların, rəssamların vətənidir Qarabağ!
    Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Amma tarix boyu Qarabağın başı da az bəlalar çəkməyib. Müxtəlif zamanlarda Qarabağı parçalamaq, əlimizdən qoparmağa çalışan, qəsdinə dayanan üzdəniraq ermənilər heç vaxt istəklərinə nail olmayacaqlar. Çünki ermənilər həmişə başqalarının əmrlərini yerinə yetirən, törətdikləri qırğınlarının sonu görünməyən, uşaqlara, qocalara, qadınlara rəhmi gəlməyən dərəcədə cılız görünən bir millətdir.
Əzizim qala yeri,
    Yurd yeri, qala yeri.
   Qarabağ tək torpağın,
 Daşı da qala yeri.
     Təbiətin füsunkarlığı, rəngarəngliyi ilə seçilən, şəlalənin şırıltısı, quşların səsi ilə, bir harmoniya yaradan Qarabaq torpağı! Qarabaq torpağının musiqi beşiyi Şuşa! Misli görünməmiş gözəlliyi ilə seçilən xarıbülbülün Vətəni Şuşa! Xarıbülbül o qədər gözəldir ki, baxdıqca baxmaq istəyirsən. 30 ilə yaxın bir vaxtda xarıbülbülümüzə də həsrət qaldıq.
         Çicəklərin baş tacısan,
          Vətənimə yaraşıqsan.
         Şuşamızın aynasısan,
          Qarabağın, Laçınımın.
          İstəkli gül balasısan.
         Xarıbülbül, xarıbülbül,
 Darıxma gəl xarı bülbül,
Olmarıq xar, xarıbülbül.
 Qoymarıq yad üzə səni,
  Qoxlaya, qopara səni.
Olacaqsan baş tacımız,
 Xarıbülbül, Xarıbülbül.
    Həsrətini çəkdiyimiz anlarda belə xarıbülbüllü Qarabağın azad olunduğu günlərin yaxında olduğu zamanı inamla gözlədik.
    Qarabağ hər fəsildə xüsusilə, yaz fəslində gözəldir. Yaz fəslində bütün gül - çiçəklər təbiətə xüsusi gözəllik verir. Sanki hər tərəfə min bir rəngə çalan xalça döşənib. Al - əlvan gül - çiçəklərin ətri ətrafa yayılır. Bu gül - çiçəklərin gözəlliklərini analarımız, nənələrimiz xalça toxumaqla xalçaçılığı da inkişaf etdiriblər. Qarabağ xalçaları dünyada məşhur olan xalçalardandır. Öz incəliyi, zərifliyi, naxışları ilə seçilən xalçalar təbii boyaq maddələrinin xalçalara verdiyi şux rəng, parlaq olması ilə fərqlənirdi.
   

 Qarabağda bitən bütün güllər gözəldir. Bu illər ərzində bir - birindən gözəl, ətirli güllərdən ötrü o qədər darıxmışam ki. Görəsən, o yerlərin gözəlliklərini vəsf etməyə sözlər yetərmi?
    30 ilə yaxın yaşadığımız anlar, keçirdiyimiz günlər Qarabağın azad olunduğu zaman insanları da bu ağrıdan, acıdan xilas oldu. Həsrət dolu günlərdə daşından, kəsəyindən, buz kimi bulaqlarından ötrü burnumuzun ucu göynəyirdi.
  Kol dibindən bənövşəni,
 Həm nərgizi, yasəməni.
Yaddan çıxartma laləni,
   Dəstə bağlayıb, dər gətir.
      Qantəpəri, kəkotunu,
       Zirəsini, ətotunu,
      Dərdlərə dərman otunu
   Dəstə bağlayıb, dər gətir.
          Cincilimi, gicitkəni,
          İtburnunun çiçəyini,
      Həm yarpızı, həm nanəni,
     Dəstə bağlayıb, dər gətir.
          Dağların çən - dumanından,
          Qırxqızın donmuş qarından,
      Şiş uclu buz salxımından,
       Dəstə bağlayıb, dər, gətir.
        Vətən, həqiqətən, çox müqəddəsdir. Vətən torpağı çox güclüdür. Güclü ordusu olan Azərbaycan əsgərləri öz şücaətləri ilə tarix yazdılar. Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev torpaqlarımızın azad olunması üçün xalqımızı, ordumuzu dəmir yumruq kimi birləşdirdi. Azərbaycan tarixinə öz möhürünü vurdu. Milyonlarla insana həsrətlə gözlədiyi sevinc hissini yaşatdı.
    Bu anlar üçün Vətən uğrunda canından keçən şəhidlərimizə borcluyuq. Şəhidlərimizin canı bahasına alınan torpaqlarımızı göz bəbəyi kimi qorumalıyıq.
  
  İgid Azərbaycan oğulları bayrağımızı yüksəklərə qaldırmaqla düşmənlərə sübut etdilər ki, xalqımız öz tarixi keçmişini qoruyub saxlamağa qadirdir.
    Qələbə soraqlı günlərin olduğuna inanaraq Qarabağın azad olunduğu günləri ümidlə, səbirsizliklə gözləmişik. Çünki Vətən sevgisi bu ümidləri gerçəkləşdirdi., heç vaxt sönmədi, əksinə alovlandı.


Cəngilər, çalınsın, qoy eşidilsin,
Ərənlər, igidlər meydana girsin.
 Qələbə gününü toy - bayram etsin,
 Tonqallar qalansın Qarabağımda.
  Ana təbiətin gözəlliyindən,
   Şuşanın, Laçının, çəmənlərindən.
   Bir çələng bağlayıb xarıbülbüldən,
  Səpəydim dağlara Qarabağımda.
   Sulara qarışıb büllur suyunda,
       
 Hayqırıb, hayqırıb sevinəcəyəm.
Qaçqın damğasından qurtan zaman,
  Cənnətə düşərəm Qarabağımda.
  Şuşam, Kəlbəcərim qayıdar bir gün,
Qurbanlar kəsilər Qarabağımda.
 Laçında tonqallar qalanar o gün  Sultan bəy məskəni Qarabağımda.
08.03.2015
     30 ilə yaxın Vətən həsrəti ilə qovrulsaq da, torpaqlarımızla bağlı xoş xəbərlər gözlədik. Axır ki, üstümüzdən dağ götürüldü. Vətən, torpaq sevgisi güclü olan, zəfər qazanan ordumuz Qələbəsi ilə dünyaya səs saldı. Gözün aydın Vətən! Dəmir yumruq kimi möhkəm, sərt, dəyanətli ol! Gözün aydın Qarabag! Gözün aydın Azərbaycan!
İllərdir ki, həsrətindən yanmışam,
 Vətən deyib, alovlanıb yanmışam.
   Şuşasız günləri gün sanmamışam,
                                 İndi artıq azad olubdur Şuşa,
     Gözün aydın, gözün aydın, ay Şuşa.
        Dağ başında dumanımsan, çənimsən,
      Doğma Qarabağın görən gözümsən.

 Döyünən ürəyim, dinən səsimsən,
 İndi artıq azad olubdur Şuşa,
 Gözün aydın, gözün aydın, ay Şuşa.
  Şəhidlərin heç vaxt haqqı ödənməz,
  Qarabağım bir də heç vaxt bölünməz.
   Yanar ocaqları bir daha sönməz

  İndi artıq azad olubdur  Şuşa,
  Gözün aydın, gözün aydın, ay Şuşa.
 

 Torpaq uğrunda canını fəda edən şəhidlər əslində ölmür, ölümü ilə əbədilik qazanır.Əbədilik qazanan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların xatirəsini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətəni göz bəbəyimiz kimi qorumalı, düşməninə bu yerlərə bir daha ayaq basmağa imkan verməməliyik. Yoxsa tarix bizi bağışlamaz.
    Azad Qarabağın qalib çıxan insanları! Gözünüz aydın!.

Laçın rayon 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Qarayeva Sayad Ramazan qızı.



 

















3 1

Şərhlər

Oxşar xəbərlər